11/19/2014

Lirikada Fizika



"Lirikada fizika və dünyəvilik"



 Fizika və lirika elm olaraq özünün inkişafını antik dövr mədəniyyətinin təşəkkülü dönəmlərindən tapmışdır. Hər iki sözün leksik mənası və etmioloji məəyi yunan dilinə məxsusdur. “Fizika” sözü yunanca “fyuzis” – təbiət deməkdir. Lirika isə "lira" sözündən olub, yunanca simli musiqi alət deməkdir. Fizika sözünü dünya elminə qədim yunan filosofu Aristotel gətirmişdir. Azərbaycan dilinə isə ilk dəfə “fizika” sözünü XI əsdə yaşamış Azərbaycanın dahi filosofu Bəhmənyar əl-Azərbaycani gətirmişdir. Şərq ədəbiyyatında isə lirik şeirlərə rübai şeirlər də deyilir. Rübab da ərəb sozu olub, simli alətin adidir.

 Zaman keçdikcə bu iki termin məna genişlənməsinə səbəb olaraq hər biri geniş anlamda bir elm sahəsini öz ağuşuna almışdır. Lakin bu elmləri bir-birinə bağlayan gözəgörünməz tellər mövcud olmuşdur.

 Fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Əldə olunan biliklər isə elmdə yeni-yeni kəşflərə zəmin yaradır. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir ki, bu da iki yerə ayrılır: şifahi və yazılı ədəbiyyat. Fizikada müşahidə üsulu hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulmasıdır. Ədəbiyyatda isə lirik novun əsas əlaməti müəllifin hiss-həyacanlarının, fikir və arzularının ifadəsidir. Lirik əsərdəəyyən bir hadisədən danışılmır. Eynilə fizikanın müşahidə üsulunda olduğu kimi burada hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hisslər öz əksini tapir. Lirik seirin əsas qəhrəmanı müəllif özüdür. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik qəhrəmanların poetik düşüncəsi adətən mifik, dini, dünyəvi və praqmatik düşüncələr əsasında formalaşır. Mifik və dini düşüncədə yazan şairlər dünyanın dərkində romantizmə daha çox üstünlük verirlər. Romantizm isə insanın ağıl və məntiqlə deyil, hissləri ilə hərəkət etməsidir. Dünyəvi düşüncəyə sahib olan şairlər isə öz şeirlərində təbiəti əsasən özünə istinadən vəsf edərək, real həyat nümunələrindən istifadə edirlər.

 Klassik və müasir Azərbaycan poeziyasında bir çox şairlərin şeirlərində dünyanın dərki əsasən dini və ya mifik düşüncələrin dərki əsasında verilmişdir. Azərbaycan aşıq poeziyasının ünlü şairlərindən olan Aşıq Ələsgərin şeirlərində dünyanın yaranışının dini təfəkkür əsasında izahı öndə dayanır:

 Yerin, göyün, ərşin, kürsün, insanın   



 Künhü, bünövrəsi ay nədən oldu?

 Yeri göydən, göyü yerdən kim seçdi?

 Hikmətin dəryası ay nədən oldu?



 Yeddi qat göy nə növ quruldu?

 Neçə qəndil, neçə sütun vuruldu?

 “Sən kimsən?”, “Mən kiməm?”-

 kimdən soruldu?

 Ustadlar ustası ay nədən oldu?

 Qeyd edildiyi kimi fizika dünyəvi elmdir. Lakin bəzən təbiət hadisələrinin dərkinin çətinliyi dünyəvilik, ümumubəşərilik baxımından fizikanın duyumunu arxa plana keçirir. Fizikanın elm kimi asan və ya çətin qavranılması birbaşa təfəkkürlə bağlıdır. Əslində çox qədim tarixə malik olan bu elm dərinliyi, çox şaxəliliyi, harmoniyası ilə bütün dövrlərdə filosofları maraqlandırmışdır. Bu filosof şairlərdən biri və birincisi Azərbaycan və dünya ədəbiyyatında nadir incilər yaratmış, klassik Azərbaycan ədəbiyyatının siması Nizami Gəncəvidir. Şeyx Nizami fizikanı, astronomiyanı, tibbi, şəriəti dərindən bilən, dərk edən böyük alim olmuşdur. Ədəbiyyatçılar Nizami Gəncəvinin “Xəmsə”sindəki obrazların, tarixçilər isə tarixi hadisələrin və digər detalların tədqiqatını aparsalar da fiziklər Şeyx Nizaminin əsərlərindəki təbiət qanunauyğunluqlarının necə məharətlə verildiyinin fərqində olurlar. Qısası ədəbiyyata az-çox bələd olan bir fizik böyük Nizami haqqında bu sözləri deyər: “Nizami Gəncəvi böyük şair olaraq fizikanı, dünyəvi elmləri dərindən bildiyindən, yazmış olduğu əsərlərində təbiət qanunlarını nəzmə çəkmişdir”. Fizikanın müxtəlif tədqiqat sahələri ilə məşğul olan alimlər də sübut edirlər ki, kəşfi hansısa alimlərin adı ilə bağlı olan bir sıra fiziki hadisə və qanunauyğunluqları Nizami Gəncəvi onlardan xeyli qabaq öz əsərlərində vermişdir. Məsələn, Nizaminin “Xosrov və Şirin” əsərindən bir parçaya diqqət edək:

 Maqnit olmasaydı eşqin əsiri,

 Çəkməzdi özünə dəmir zənçiri.

 Kəhrəbanın eşqə düşməsə canı,

 Belə cəzb etməzdi quru samanı.

 Dünyada göhvər var, daş var nə qədər,

 Onlar nə bir saman, nə dəmir çəkər.

 Bu saysız hesabsız maddələr yenə,

 Bax gör meyl edirlər mərkəzlərinə.

 Göyə doğru çox qalxarsa su

 Yenə torpaq olar ən son arzusu

 Kainatda hər şey cəzbə bağlıdır.

 Şair bu misralarla öz dövründə elmə məlum olmayan elektromaqnit qanununlarından bəhs edir. Hətta kəşfinin 1667-ci ildə ingilis alimi Nyuton tərəfindən həyata keçirildiyi söylənən “cazibə qanunu” haqqında dahi Nizami bu misralarda açıqca bilgilər vermişdir. Hətta Şeyx Nizami daha dərinə gedərək dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu da göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzüldüyündən insanı mat qoyur. Xatırladaq ki, Şeyx Nizami fars dilində yazdığından bu misralar bizə dil çevriciləri tərəfindən ötürülmüşdür. Təbii ki, orjinaldakı hikmətlər isə daha dərindir.

 Bundan başqa, “Leyli və Məcnun” əsərində belə bir misralara rast gəlirik.

 Yerin hüdudundan o tərəfdə də

 ...buludlar fələklər qarışır yenə,

 Onlar bir-birinə sarılmış bərk-bərk,

 Hamısı tor kimidir gəzir kürətək

 Bu kürə şəklində yalnız yer deyil,

 Hər xətt hərlənir yuvarlaqdır bil...

 Burda heyran ediləcək məqam odur ki, kainatın fırlanmasını 1927-ci ildə Holland astronomu Oort sübut etmişdir. Şair Nizami isə XII əsrdə elmə meydan oxuyaraq, şerin dili ilə səsləndirirdi Yerin fırlandığını. Və hətta tək Yerin yox kainatdakı bütün göy cisimlərinin fırlandığını söyləyirdi. Təbii ki, dahi şair, filosof haqlı idi söylədiklərində. Həmən əsərdən daha bir neçə misra:

 ...Tüstü bu dərədən qalxar yuxarı

 Iki üç cidalıq gəzər rüzgarı,

 Sonra əyilərək geriyə dönər,

 Bu yer kürəsini başına enər.

 deməklə şair bizi əhatə edən atmosfer qatını bir tüstüyə bənzədir, onun da varlığından xəbərdar olduğunu şerin dili ilə deyirdi.

 Daha sonra “İsgəndərnamə”yə müraciət edək. Burada da heyranedici məqamlar çoxdur.

 Əvvəl mövcud oldu tək hərəkət,

 Onu iki yerə ayırdı sürət.

 Hər iki hərəkət gəlib bir yerə,

 Əvvəlki hərəkət ayrıldı yenə.

 Bu üçü qoşulub bir-birinə,

 Üç xətt zahir olu üç hərəkətdən,

 Üç dövrə yarandı ondakı xətdən.

 Burada hərəkətin mövçudluğunu söyləyən şair, ondan yaranan bərabər sürətli və dəyişənsürətli hərəkəti də görə bilmişdi. Eyni zamanda fəza və zaman anlayışına toxunaraq üç oxlu kooridinat sisteminin mövcudluğunu aydın şəkildə göstərmişdir.

 Zərrə qədər boyası rəngi varmı havanın?

 Tutqunluğu könüllər oxşayırmı havanın?

 Hər kim ki, əyninə göy paltar geyər,

 Günəşi özünə çörək eyləyər...

 deməklə, şair işığın dispersiyası mövzusuna - optikaya toxunub. Bildiyimiz kimi Günəş işığı yerə çatana qədər fəzada səpilir və spektral qaydada müxtəlif şəkilə düşür. Göyün üzü mavi rəng alır.

 Böyük filosof bir şerində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır.

 Səma saflığında gümüş qədər ağ,

 Günəş kimi təmiz gün kimi parlaq.

 Gündüzün işığı ağlığındadır,

 Ayın yaraşığı ağlığındadır.

 Rənglər sünidir dünyada bir ağ,

 Bilməyir sünilik bilməyir boyaq.

 Nizami Gəncəvi haqqında bu cür dəyərli tədqiqatlara istedadlı fizik, şairə xanım, Neftçala rayonunun fizika müəllimi Günay İbrahimovanın yazdığı elmi məqalələrdə daha çox rast gəlinir.

 Bir sözlə, Nizami irsində bu cür dünyəvi, fiziki qanunauyğunluqlar olduqca çoxdur.

 Ümumiyyətlə, Azərbaycan klassik ədəbiyyatında böyük yaradıcılıq izləri olan filosof şairlər və yazarlar öz əsərlərində dünyanın nizam harmoniyasından, fiziki qanunauyğunluqlardan geniş istifadə etmişdilər. Şeyx Nizamidə olduğu kimi, Qazi Bünhanaddinin, Nəsrəddin Tusinin, Məhəmməd Füzulinin əsərlərindəki bu tip mövzular hələ də öz araşdırıcılarını gözləməkdədir.

 Görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanıdığımız Füzuli elm haqqında, dünyəvilik haqqında “Rindü Zahid” əsərində belə yazır:

 Elm bir dəryadır ki, ondan

 Həqqi tanımaq gövhəri hasil olar.

 Elmin rütbəsini alimdən soruş,

 Elmin ləzzətini cahil nə bilər...

 Ümid edirəm ki klassik dövrün tədqiqatçıları bundan sonrakı tədqiqatlarında bu cür nüanslara daha dərindən diqqət yetirərək fizikanı, dünyəviliyi daha geniş formada araşdıracaqlar.

 Müasir Azərbaycan poeziyasına gəldikdə buradakı rəngarənglik daha qabarıq diqqət çəkir. Ümumiyyətlə, 20-ci əsr müasir Azərbaycan poeziyasını iki dövrə bölmək olar: Sovetlər dönəmi və müstəqillik dönəmi. Sovetlər dönəmində hər sahədə olduğu kimi, ədəbiyyatda da vahid ideologiya hakim idi. Lakin bu ideologiyanın da tələblərindən sapmalar, yayınmalar mövcud olurdu. Həmin dönəmlərdə ideologiyanın tələblərindən irəli gələn ictimai-siyasi lirika ədəbiyyatın şah damarını tutsa da, məhəbbət lirikasi da öz axarında idi. Lakin lirikanın bu iki növündən fərqli olaraq, sərbəst lirik əsərlər müəllifləri də vardı ki, onlar daha çox ədəbiyyata elmilik, dünyəvilik gətirirdilər.

 Məsələn, Azərbaycan ədəbiyyatina yeniliklər gətirmiş ölməz Hüseyn Cavid “Elmi-bəşər” şeirində dünyəviliyə qovuşmağın yolunun elmdə olduğunu göstərir.

 Ruhpərvər, sevimli xülyadir

 Ki, inanmaq əbəs... nasıl, nə demək.

 İstərəm anlayırmısan? Məsəla:

 İmdi yerdən səmayə doğru dərin,

 Çox dərin bir fəza təsəvvür edin,

 Yüksəlib bir bəyaz qanadlı hüma,

 — Tizpərvaz bir fəriştə kimi —

 Böylə dalsın onun dərinliyinə...

 “Bilmək, öyrənmək” öylə bir uçurum

 Ki, onun intəhası yox, dibi yox...

 Azərbaycan ədəbiyyatında satira janrının zirvəsində dayanan Mirzə Ələkbər Sabir də öz əsərlərinin əksəriyyətində sətiraltı maneralarla dünyəviliyi, elmi tərəqqini öz oxucularına ötürürərək dini cəhalətin cəmiyyətdə yaratdığı gerilikləri ifşa edirdi:

 Əcnəbi seyrə balonlarla çıxır,

 Biz hələ aftomobil minməyiriz;

 Quş kimi göydə uçar yerdəkilər,

 Bizi gömmüş yerə minbərdəkilər!

 Azərbaycan türkcəsinin saflaşmasında misiliz xidmətlər göstərmiş dahi Səməd Vurğunun əsərlərinin əksəriyyəti dünyəvilik və izahı təbiət qanunauyğunluqlarına söykənən dərinliklərlə zəngindir. Bu zənginlik şairin “Dünya” şeirində sözün həqiqi mənasında tam çılpaqlığı ilə verilmişdir:

 Buludlar dağılır uzaqda lay-lay,

 Yenə öz yerində yuvarlanır Ay,

 Fəqət nə Cəlal var, nə də ki, Humay,

 Nə ömrə acıyır, nə yaşa dünya.

 Şair öz oxucusuna qəhrəmanları haqqında məlumat verməzdən öncə qısa bir ekuskurs edir ki, burada da təbiət harmoniyası, qısası astronomik məlumatlar insanı özünə cəlb edir.

 Ulduzlar havanın bağrını dəlir,

 Qayalı dağlardan duman yüksəlir,

 Xəyalım gecəni salama gəlir,

 Çapdırır atını bir başa dünya.

 Şair bu bənddə aydın səmanı təsəvvür edərək, kosmik fəzada axan ulduzlar, daha doğrusu uçuşan meteorlar haqqında nəzm dilində danışır. Məlumdur ki, Yerə yaxınlaşanda daşlar hava kütləsi ilə toqquşur, nəticədə bərk qızaraq işıq saçmağa başlayır, lakin yerə çatmamış yanaraq görünməz olur. Bundan başqa, elm sübut edir ki, düzənliklərdən dağlara doğru ərazinin mütləq hündürlüyü kəskin dəyişdiyinə görə meteoroloji ünsürlər də dəyişir. Yəni dağ silsilələri ilə duman əmələ gətirici hava axınları yüksək qayalıqlarda daha çox dumanlar əmələ gətirir ki, bu dumanlar da yuxarı doğru qalxır. Şair bu cür real həyat nümunələri arasında öz xəyali sürətini işə salaraq məcazi mənada dünyanın əbədiliyini göstərir.

 Digər bəndlərin də hər birinin özünəməxsus izahı vardır ki, lirik duyumu dərin olan uyğun sahənin tədqiataçıları bu misraları daha dəqiq izah edə bilərlər.

 Ellərə baxıram bağçalı, bağlı,

 Göylərə baxıram qapısı bağlı,

 Kainat ixtiyar, sirli, soraqlı,

 Əzəldən yaranıb tamaşa dünya.



 Bir də görürsən ki, açılan solur,

 Düşünən bir beyin bir torpaq olur.

 Bir yandan boşalır, bir yandan dolur,

 Sirrini verməyir sirdaşa dünya.

 Əzəldən belədir çünki kainat,

 Cahan daimidir, ömur amanat.

 Əldən-ələ keçir vəfasız həyat,

 Biz gəldi-gedərik, sən yaşa dünya!

 Müstəqillik dönəmində yaradıcılıqla məşğul olan şairlərin əsərlərində isə əsasən vətənə, torpağa, el-obaya məhəbbət lirikası üstünlük təşkil etdiyindən yenidən ədəbiyyatımızda dini və mifik obrazlar canlandırıldı. Lakin buna baxmayaraq, bu dövrə aid lirika ilə məşğul olan şairlərimiz də vardır ki, onların əsərlərində lirika ilə fizikanın, lirika ilə dünyəviliyin əlaqələri çox böyük ustalıqla verilmişdir.

 Yaradıcılığına yaxından bələd olduğum bir neçə şairlərin əsərlərinə müraciət etdikdə dediklərimin açıq ifadəsini görmüş olarıq. Sufi ruhlu istedadlı şair, ixtisasca mühəndis olan İbrahim İlyaslının yaradıcılığında lirika ilə fizikanın harmoniyası gözəl bir axarla verilmişdir:

 Üfüqdə ürəyi al-qan olaydım,

 Gecə göy üzü tək şan-şan olaydım.

 Sən Günəş olaydın, mən Dan olaydım

 Haqqa yol gedəydik bir-birimizdə.

 Cavidşünas alim, gənc şair Şamil Sadiqin də yaradıcılığında dünyəvilik rüşeymləri cücərməkdədir. Şair “Bu gecə yuxuda Günəşi gördüm” şeirində Günəşi həm eşq, məhəbbət, həm də təbiət nizamlayıcısı kimi vermişdir.

 Bu gecə yuxuda Günəşi gördüm...

 Yanaqları qızarmışdı bir azca,

 gözləri də gülürdü...

 Nəsə demək istədi,

 Susdu, danışmadı heç...

 Elə bil ki, içində sevgisini döyürdü...

 Niyyətilə barışmırdı heç...

 Buluda da küskün idi deyesen...

 Amma nədənsə, gözəlliyin gizlədən

 O topaya alışmırdı heç…

 İxtisasca riyaziyyatçı olan Rasim Şıxızadə şair kimi geniş ictimaiyyətə tanış sima olmasa da yaradıcılığı ilə tanış olarkən dünyavi təfəkkürlü lirik şair kimi sevilir.

 Zirvə, kimin başı üstə,

 İldırımlar çaxa bilər.

 Kim buludu eynək kimi,

 Gözlərinə taxa bilər.

 Sənə yalnız Tanrı özü

 Yuxarıdan baxa bilər.

 Fizika-riyaziyyat elmləri doktorları Hidayət Nur və Vaqif Nəsir də fizikanın lirika, lirikanın da fizika ilə birbaşa bağlı olduğunu öz əsərlərində əyani olaraq göstərmişdilər.

 Məruzənin sonunda gəldiyim qənaət belədir ki, fizikanı bilməklə dünyanı olduğu kimi qavramaq mümükündür. Məhz fizikanı bilməklə dünyanın hər iki üzünü – görünəni və görünməyəni bilmək mümkündür. Fizikanı lirik dillə ifadə etmək isə təfəkkürdə dünyəviliyin dərkini asanlaşdırmaqla yanaşı, fizikanın ədəbiyyatla, ədəbiyyatın isə fizika ilə mükəmməl bağlılığını sübut edir.

Məqalənin müəllifi  Y.Aliyev 

Комментариев нет:

Отправить комментарий