3/11/2013

Bizdə vətənpərvərlik (Eldar Cabbarov)

Bizdə vətənpərvərlik.
Eldar İlqaroğlu




Çoxları deyir ki millətimizdə vətən sevgisi yoxdur və bu sevgi olmayandan sonra nə qədər silah-sürsat olsa belə faydasızdır.
Bu fikrin ikinci hissəsiylə razıyam ki bəli sevgi olmadığı təqdirdə silah-sursat faydasızdır. Sevgisi olmayan vətəni qorumaq bəlkədə məcburi münkün olar amma dediyim kimi bəlkə...
Gələk bu fikrin birinci hissəsinə ki, bununla razılaşmıram. Həqiqətənmi bizdə vətən sevgisi yoxdur ya bunu inkar etməklə düşmən dəyirmanına su tökmüş oluruq? Razıyam ki vətən sevgisi az təblig olunur həm ailələrdə həm məktəblərdə həm də televiziyada. Bu özü də belə mənfur düşmənlərimizin və onların havadarlarının hiylələrindəndir. Amma bu o demək deyil ki biz də vətən sevgisi yoxdur. Bəlkə vətən sevgisini təbliğ edən yoxdur desək düz olar. Vətən sevgisi bizim fitrətimizlə, vicdanımızla bağlı bir hissdir ki bu da bizə Allah tərəfindən bəxş olunub. Hətta müşahidə etsək görərik ki, bu vətən sevərlik hissi heyvanlarda da var. Məsələn: quşlar qışda isti ölkələrə köçsələrdə yazda yenə doğma vətənlərinə qayıdır, bəziləri isə qışın soyuqluğuna dözüb vətənlərini tərk etmirlər.
Necə ola bilər ki, bu hiss insanlarda olmasın? Şair gözəl demiş:
Vətəni sevməyən insan olmaz,
Olsada ol şəxsdə vicdan olmaz.
Sadəcə bəzi İlahi nemətlər kimi bu vətən sevgisinin də qədrini bilməmişik və bu hissi içimizdə öldürüb,dəfn etmişik. Daha doğrusu bunu bizə zəhərli təbliğatlarla təlqin ediblər.
Tele məkanlarda şəhid və milli qəhrəmanlardan çox müğənnilər təbliğ olunur və onun nəticəsidir ki gənclərimiz əsasən ya müğənni ya artist ya da ki ən azından onların pradüsseri olmaq istəyir, torpaqları qaytarmaq fikrini isə ağıllarına belə gətirmirlər heç, hətta biri də xatırlasa ona gülərlər. Şuşanın, Laçının işğal günləri televiziyalardan gələn şən musiqi sədaları sanki bizə bütün olanları unutdurmaq üçün proqramlaşdırılır. Bayaq qeyd etdiyim kimi bütün bunlar vətən sevgisini içimizdə öldürmək üçün hesablanılıb. Günümüzdə Qarabağ problemi urəklərdə deyil ancaq xəbərlərdə, qəzet-jurnal və yaxud saytlarda yer alır...
Ailələrdəki, uşaqlar “vətən” kəlməsini demək olar ki heç eşitmir. Hərbi xidmətə övlad yola salanda valideynlərimiz təkidlə ancaq bu sözü deyirlər: “özündən müğayat ol!”
Müəllimlərdə də həmçinin vətənə olan laqeyd münasibət hiss olunur. Keçdikləri dərslərdə bir dəfə də olsun vətən sevgisi, şəhidlərimiz, işğal altında olan torpaqlarımız haqda söhbət açmamalarını misal göstərmək olar.
Dindarlara gəldikdə çoxlarının işi məscidə getmək, anlamadan Quran oxumaq, düşüncəsiz ibadət etmək və.s. vətən dərdi, vətən qeyrəti heç yada düşmür.
Bu problemləri çox qeyd etmək olar bəli, amma bütün bunlar dəlil deyil ki, deyək bizdə vətən sevgisi yoxdur. Bunu deyən və yaxud iddia edən özü çıxıb ortaya nəsə bir iş görübmü ki indi də xalqı ittiham edir? Başqasını ittiham etmək asandır, hər kəs əlini vicdanına qoyub desin görək Qarabağ məsələsində nə qədər narahatlıq keçirirk? Şəhidlərimizi və onların gözu yaşlı analarını gördükdə nə qədər kövrəlirik? Hələ də əsirlikdə qalan və başlarına olmazın zülmlər gələn ana- bacıların qeyrəti necə, bizi utandırırmi? Məncə bu sualların cavabı hər kəsə özünün nə qədər vətənpərvər olmasını sübut edəcək. Odur ki hər kəs ilk öncə özünə və öz vətənpərvərliyinə baxsın sonra digərlərini ittiham etsin.
Hərəmiz bir tərəfdə oturub öz vətənimizi pisləyir, başqa dövlətin qanunlarını və yaxud müsbət çəhətlərini ağzımızın suyu axa-axa danışırıq. Hər bir dövlətin neqativ cəhətləri olur lakin bu onun vətəndaşına dövlətindən, vətənindən, millətindən üz döndərməyə əsas vermir. Nə olursa olsun bu vətən bizimdir. Biz vətənimizə sahib çıxmadıqca sahib cıxanlar çoxalar...

Bunu qəriblikdə anlayarsan bil,
Vətən həsrətini duyan ürəkdir.
“Vətən-vətən” deyib bağırmaq deyil,
Onu bütün qəlblə sevmək gərəkdir.

Bir şeyi də qeyd edib yazını bitirirəm. Beynimizə oturmuş bir yalnış fikir var: Vətənpərvərlik numayiş etdirmək üçün ancaq cəbhədə, hərbi formada və əlində aftamat olmaq gərəkirmiş. Bu əsla belə deyil. Fikrimcə vətənpərvər müəllim,həkim,jurnalist, yazıçı və.s olmaq cəbhədə vuruşmaq qədər müqəddəsdir. Biz vətənpərvər ata-ana, vətənpərvər müəllim, vətənpərvər həkim olmasaq, bir sözlə vətənpərvər cəmiyyət qurmasaq cəbhəyə göndərdiyimiz övladları qınamamalıyıq.
Sonda millətimizin vətənpərvər oğulları adından Allahdan istəyirəm, istəyirəm ki, Allah tezliklə bizə düşməndən intiqam almaq fürsəti versin. Amin!
Eldar İlqaroğlu


Комментариев нет:

Отправить комментарий