Vergi Dostu

                                       www.taxes.gov.az



“VERGİ DOSTLARI” ŞƏBƏKƏSİNİN

FƏALİYYƏT QAYDALARI



1. Ümumi müddəalar



1.1. Bu Qaydalar - Ərazi Vergilər İdarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, həmin idarə və mərkəzlərin əhatəsindən kənarda olan kənd və qəsəbələrdə vergi sahəsində məlumat, maarifləndirmə və təbliğat işini gücləndirmək, vergi ödəyicilərinə ünvanlı xidmət göstərmək, cəmiyyətdə vergi əxlaq və mədəniyyətini formalaşdırmaq məqsədilə “Vergi Dostları” şəbəkəsinin yaradılmasını və fəaliyyətinin təşkilini tənzmiləyir.

1.2. “Vergi Dostları” - ictimaiyyətin daha aktiv üzvü olan, vergi sahəsində məlumat, maarifləndirmə və təbliğat işinə dəstək verən, bu Qaydalara uyğun seçilərək müəyyən edilən kənd (qəsəbə) ümumtəhsil məktəblərinin müəllimləridir.

1.3. “Vergi Dostları” layihəsinin iştirakçıları aşağıdakılardır:

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

- Vergilər Nazirliyinin Ərazi Vergilər İdarələri və Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- rayon təhsil şöbələri və ümumtəhsil məktəbləri;

- məktəb müəllimləri.



2. “Vergi Dostları”nın seçimi



2.1. “Vergi Dostları” kənd və qəsəbə ümumtəhsil məktəblərinin müəllimləri olmaqla könüllülük prinsipi əsasında aşağıdakı meyarlar nəzərə alınmaqla seçilir:

- ali təhsilə malik olmaları;

- ən azı 2 il pedoqoji staja malik olmaları;

- yaşı 24-dən az, 60-dən çox olmamalı;

- işlədiyi kollektivdə və yaşadığı ərazidə müsbət imicə malik olmalı;

- vergilər barədə anlayışlara malik olmaları və bu sahədə biliklərinin artırılması istəklərinin olması;

- informasiya texnologiyalarından (kompüter, internet) istifadə bacarığının olması.

2.2. “Vergi Dostları” Ərazi Vergilər İdarələri tərəfindən rayon təhsil şöbələri və ümumtəhsil məktəbləri ilə birgə, hər kənd və qəsəbə üzrə bir nəfər olmaqla bu Qaydaların 2.1-ci bəndində göstərilən meyarlara əsasən müəyyən edilir və onlar barəsində aşağıda qeyd olunan sənədlər Ərazi Vergilər İdarələrinə təqdim edilir:

- “Vergi Dostları” şəbəkəsinə qoşulması barədə ərizə;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;

- ali təhsil barədə diplomun surəti.

2.3. “Vergi Dostları” üçün Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən xüsusi təlim proqramı hazırlanır və onlar bu kursu yerli vergi orqanlarında keçdikdən sonra “Vergi Dostları” şəbəkəsinin üzvü olurlar.

2.4. Seçilmiş şəxslər xüsusi təlim kursu keçdikdən sonra Ərazi Vergilər İdarələri onlara “Vergi Dostları” şəbəkəsinə üzvlük barədə sertifikatı və döş nişanını, eyni zamanda “Vergi Dostları”nın öhdəlik vərəqəsini imzalatmaqla təqdim edir, öhdəlikləri barədə izahatlar verir.

2.5. “Vergi Dostları” bu Qaydaların 3.1-ci bəndində göstərilən öhdəlikləri yerinə yetirmədikdə, habelə vergi orqanın adından sui-istifadə hallarına, vergi orqanın və ya öz nüfuzuna xələl gətirən əməllərə yol verdikdə “Vergi Dostları” şəbəkəsinin üzvlüyündən çıxarılır.



3. “Vergi Dostları”nın öhdəlikləri



3.1. “Vergi Dostları” şəbəkəsinin üzvlərinin öhdəlikləri aşağıdakılardır:

- yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirmək;

- Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər (məktub və ərizələrin, bəyannamənin göndərilməsi, e-qutuya daxil olan məktubların oxunması, vergi borcunun öyrənilməsi və s.) barədə vergi ödəyicilərini məlumatlandırmaq;

- uşaq və gənclərə vergi anlayışlarını, dövlət üçün vergilərin əhəmiyyətini izah etmək, onlarda vergilərə maraq yaratmaq;

- məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid dərs vəsaitlərini (III-V siniflər üçün “Vergilərin əhəmiyyəti və ya 7 nağıl axşamı”, VI-VIII və IX-XI siniflər üçün “Vergilər” kitabları) təbliğ etmək, tədrisinə köməklik göstərmək;

- ictimai tədbirlərdə, KİV-də vergiləri təbliğ edən çıxışlar etmək: vergi əxlaqını və vergi mədəniyyətini formalaşdırmaq, vergini ödəməyin hər kəsin mənəvi borcu və bu gün ödənilən vergilərin gələcəyə qoyulan sərmayə olduğunu ictimaiyyətin bütün təbəqələrinə aşılamaq;

- Vergilər Nazirliyinin internet saytı, “195”telefon məlumat xidməti, Vergi ödəyicilərinə xidmət mərkəzləri və onlardan istifadə barədə məlumatlar yaymaq;

- vergilərə dair buklet, broşur, yaddaş, təqvim və başqa maarifləndirmə və təbliğat vasitələri paylamaq;

- Ərazi Vergilər İdarələrində, Vergi ödəyicilərinə xidmət mərkəzlərində və ümumtəhsil məktəblərində olan vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak etmək;

- gördüyü işlər barədə Ərazi Vergilər İdarəsinə vaxtaşırı məlumat vermək, vergi orqanın və ya öz nüfuzuna xələl gətirən əməllərə yol verməmək.

3.2. “Vergi Dostları” öhdəliklərinin digər şəxslərə həvalə edilməsi, habelə bu öhdəliklərin yerinə yetirilməsinə məktəbli uşaqların məcburi şəkildə cəlb edilməsi yolverilməzdir.



4. Ərazi Vergilər İdarələrinin öhdəlikləri



4.1. “Vergi Dostları” şəbəkəsinin fəaliyyəti üzrə Ərazi Vergilər İdarələrinin aşağıdakı öhdəlikləri vardır:

- bu Qaydaların göstərilən meyarlara əsasən “Vergi Dostları”nı seçmək;

- “Vergi Dostları”nın fəaliyyətini istiqamətləndirmək, bu məqsədlə onlarla vaxtaşırı Ərazi Vergilər İdarələrində, Vergi ödəyicilərinə xidmət mərkəzlərində və vergilərə dair metodiki kabinetlərdə görüşmək, treninqlər keçirmək;

- “Vergi Dostları”nı lazımı sənədlər, metodiki vasitələr və digər zəruri avadanlıqlarla təmin etmək;

- “Vergi Dostları” şəbəkəsinin fəaliyyəti üzrə rayon təhsil şöbələri, ümumtəhsil məktəbləri və ictimaiyətin aktiv nümayəndələri ilə əlaqəli iş qurmaq;

- “Vergi Dostları” şəbəkəsinin üzvlərini onların fəaliyyətinin nəticələrinə görə stimullaşdırmaq;

- “Vergi Dostları” şəbəkəsinin üzvləri və onların bu sahədəki fəaliyyətləri barədə məlumatları yığmaq, ümumiləşdirmək və saxlamaq.



5. Yekun müddəalar



5.1. “Vergi Dostları” fəaliyyəti üzrə informasiya təminatı, mübadiləsi və istifadəsi üçün internetə çıxışı olan kompüter və digər avadanlıqla təmin edilir.

“Vergi Dostları” üzərində “Vergi Dostları” sözləri və ya Vergilər Nazirliyinin atributları əks olunan xüsusi geyim predmeti ilə təmin oluna bilər.

5.2. “Vergi Dostları”nın sayına və fəaliyyətinə görə stimullaşdırma tədbirləri Ərazi Vergilər İdarələrinin təklifləri nəzərə alınmaqla Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

5.3. “Vergi Dostları” şəbəkəsinə üzvlük barədə sertifikat və döş nişanının forması, “Vergi Dostları”nın öhdəlik vərəqəsinin nümunəsi Vergilər Nazirliyi tərəfindən hazırlanır.


                                                                                                            www.taxes.gov.az

Комментариев нет:

Отправить комментарий