9/12/2014

Övlad tərbiyəsi. (Eldar Ilqaroqlu)

Övlad tərbiyəsi

Yazar: Eldar İlqaroğlu
Tarix: 12:15, 11 Sentyabr 2014
Paylaş: FbTwGo
Övlad tərbiyəsi
Valideyn iclası bu dəfə də məktəbin akt zalında keçirilirdi. Kürsüdə 11c sinif rəhbəri Rza müəllim yenə əllərindən boğaza yığıldığı şagirdlərinin bir-bir adını çəkir, valideynlərə övladları barədə şikayət edirdi.
“Əhmədov Murad”
“Bu uşaq mənimlə gizlənqaç oynayır mən salıram dərsə, düşürəm 2-ci mərtəbəyə o icazə alır çıxır dərsdən, icazə verməyən müəllimi isə symadan icazəsiz çıxır bayıra. O gün Əli müəllimlə dalaşıb, hörmətsizlik edib ona. Nə qədər danışıramsa xeyri yoxdu. Siz hörmətli valideyn nə düşünürsüz? Necə edək bu Muradla?”
Muradın anası xəcalətindən başı aşağı durmuşdu. O biri valideynlərin içində qızardı, bozardı, heç nə deyə bilməyib oturdu.
Rza müəllim davam etdi:
“Şükürlü Səbinə”
“Bu qız qəti dərslərinə fikir vermir, müəllimlərin xəbərdarlıqlarına baxmayaraq sinifdə telefonla məşqul olur. Neçə dəfə demişəm... mənə yalandan deyir telefon gətirmirəm amma müəllimlərin şikayətindən məlum olur ki, məni aldadır.” Səbinənin anası dilləndi: “mən onunla bacara bilmirəm, telefon onun mirasına qalsın gərək
.” Rza müəllim, “siz bacara bilmirsizsə bəs biz neyləyək?” deyərək digər şagirdin adını çəkdi.
“ Axundzadə İlkin “
“Hörmətli valideyn, sizin xəbəriniz var oğlunuz siqaret çəkir? Dərslərə girmir, elə hey məktəbin arxasında siqaret çəkənlərlə birlikdə sülənir.”
Valideyin Sərdar kişi əsəbləşib dil-dodağını çeynəyərək əlini ağ köynəyinin cibindən görünən siqaret qutusuna atsa da birdən yadına düşdü ki, burda iclas gedir siqaret çəkmək olmaz. “siqaret çəkir? Qoy evə gedim nəslini kəsəcəm, it balasının.” deməkdən başqa bir fikir söyləmədi.
“Salahzadə Günel”
“Bu qız 2-3 cü dərslərdən ev adıyla icazə alıb, digər qızlarla birgə tez-tez şəhərə gəzməyə gedir. Dərs vaxtı şəhərdə nə edirlər nəylə məşquldurlar baş aça bilmirəm? Allah eləməmiş bir hadisə baş verər sonra gəlib bizi günahlandıracaqsız. “ Rza müəllim sözünü bitirib dərində köks ötürdü. Günelin anası “aaaaa” deyərək hər şeydən xəbərsiz olduğunu göstərirmiş kimi şəhadət barmağını dişlədi.
Sakitlik çökən zala təzədən Rza müəllimin səsi yayıldı: “ Amma sevindirici hal budur ki, sinifdə nümünəvi şagirdləmiriz də var. Onlardan biri tərbiyəsinə, əxlaqına, ədəbinə, məsuliyyət hissinə və elmə-tədrisə olan marağına görə məni heyran qoyan qızımız Zeynəb Əliyevadır. Mən bu cür övlad yetişdirən valideynin qabağında baş əyirəm və təşəkkür edirəm. Istəyirəm iclasımızda iştirak edən Zeynəbin anasını kürsüyə dəvət edim və onun belə övladı necə yetişdirməsindən hamımız nümünə götürək. “
Fəridə bu gözlənilməz çağrıdan çaşıb qalmışdı. Nə edəcəyini nə danışacağını düşünürdü. Zaldakı bütün gözlər ona zillənmişdi. Nəhayət özündə güc toplayıb kürsüyə çıxmağa qərara aldı. Hamı Fəridənin nə danışacağının intizarında idi. Uzun sürən sukutdan sonra Fəridə sözə başladı:
“ Salam, hər vaxtınız xeyir. Bütün məktəbin müəllim kollektivinə təşəkkür və minnətdarlığımı bildirirəm ki, övladlarımıza bu cür qayğı göstərir, elm-tədris və tərbiyyə baxımından hər cəhətli təmin edirsiniz. Bu etdikləriniz əvəzolunmazdır. Zeynəbin ailədəki tərbiyyəsinə gəldikdə isə müvəffəqiyyətin səbəbini yalnız məhəbbət və mehribanlıqda görürəm.
Biz uşaqların yaddaşında ancaq nəisə qadağan edən valideyn kimi qalmamalıyıq ki, böyüyərkən bizə saymamazlıq edib fikirlərimizi qulaqardına vursunlar. Onlara zaman ayırmalı, yeri gəldikdə onlarla oynamalı, yeri gəldikdə onlarla məsləhətləşməli, onlara verdiyimiz sözə əməl etməli, bir sözlə uşaq olmalarına baxmayaraq bir şəxsiyyət kimi yanaşmalı və fikirlərinə hörmət qoymalıyıq. Belə olduğu təqdirdə münkün deyil, uşaq valideynini sevməsin. Əgər sevərsə hörmət də qoyacaq, eşidəcək və sözsüz tabe olacaq. Elə biz böyüklər, özümüzdən götürək sevmədiyimizə nəyinki tabe olmarıq heç sözlərini belə eşitmək istəmərik, deyilmi?
Bir də ki, uşaq ata-ananın nə dediyindən çox nə elədiyindən tərbiyə alır. Ata-ana bir-birləriylə mehriban, qarşılıqlı hörmət və ən əsası da ədəbli rəftar edərlərsə, uşaqların əxlaq və ədəbində problem olmaz. Ədəbli olmağı tələb etməkdən öncə bunu göstərmək lazımdır.
Fəridənin son kəlməsi bitər bitməz öncə Rza müəllim sonra bütün zal onu alqışlamağa başladı. O, öz növbəsində başı ilə təzim edərək təşəkkür edir, bu alqışlara layiq olmadığını xəcalətdən qızarmış al yanaqlarından hiss etdirirdi.
Baxın əziz dostlar, övlad yetişdirmək çox çətin və məsuliyyətli bir işdir. Bunun üçün ailədə gərək həqiqi mənada münasib şərait olsun. Əsas maddi deyil, mənəvi və əxlaqi şəraitin olması labüddür. Necə ki, İlahi Mesaj olan Quran buyurur: Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik. (Əraf surəsi 58)