4/15/2013

Boladi

Tarixi Boladi
Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Ərazisinə və əhalisinin sayına görə Lənkaranda ən iri kəndlərindən hesab olunur. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Bakı-Astara şose və dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir. Aydındır ki, ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər .Bu, qədim yunan coğrafiyaşünası , tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır. " Alman alimi və səyyahı A.Olri 1616-cı ildə müxtəlif səfirliklərə və muzeylərə təqdim etdiyi hesabat və gündəliklərdə Boladinin adını çəkmişdir. Rus səyyahı və diplomatı Artemey Suxanov "Rəştdən Qızlağaca qədər və Gilan vilayətinin sonuna kimi " kitabında yazmışdır: " 1638-ci ilin fevralın 7-də Ləngərgünana gəldik... Qızılağaca gedərkən fevralın 11-də dörd dərin çaydan keçdik. Bunlar Kasiende, Noabine, Cil və Boladi çayları idi." Oxuculara məlumat üçün bildirmək istəyirik ki, Cil və Boladi öz adlarını bu günədək qoruyub saxlamışdırsa da, Kasiende və Noabine çaylarına müasir xəritələrdə təsadüf edilmir. Talış-Muğan mədəniyyətinin bir qolu Lənkəran düzənliyində yerləşmişdir. Boladi kəndi də bu düzənlikdə yerləşir. Azərbaycan EA Tarix İnstitutunun ekspediya dəstəsi 1984-cü ildə Lənkəran bölgəsində tədqiqat işləri apararkən müəyyən edilmişdir ki, bu ərazidə hələ çox qədim zamanlardan öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün əlverişli olmuşdur. Arxeoloji qazıntılar zamanı kəndin seyidoba yaşayış məhəlləsində, Boladi çayının sağ və sol sahilində qədim insanların istifadə etdikləri əl çapacaqları, tunc bıçaq, ox, nizə, xəncər, qılınc, saxsı qabları və s. əşyalar tapılmışdır. Alimlər sübuta yetirmişlər ki, kəndin ərazisində hələ eramızdan əvvəl II minillikdə insanlar məskunlaşmış, ibtidai əmək alətlərindən istifadə etmişlər.

Qədimdir bu yerlərin tarixi

Qədim yaşayış məskəni kimi bu ərazidə hələ eramızdan əvvəl insanlar məskunlaşmışlar. Yunan coğrafiyaşünası və tarixçisi Strabon "Coğrafiya" kitabında Lənkəranın digər yaşayış məntəqələri ilə bərabər Boladidən də bəhs etmişdir. Bu ərazidə yerləşən "Çiləxonə", "Qarağac ocağı" kimi tarixi abidələr kəndin qədimliyindən xəbər verir və sonuncunun 800 ildən çox tarixi var. "Çilkəson" qəbiristanlığı isə Səfəvilərə aid edilir.

Alman alimi və səyyahı Oleri 1616-cı ildə müxtəlif səfirliklərə, muzeylərə yazdığı rəsmi sənədlərdə Boladini dönə-dönə təkrar etmişdir. Rus səyyahı Artemey Suxanov "Rəştdən Qızılağaca qədər və Gilan vilayətinin sonuna kimi" kitabında qeyd etmişdir: "1638-ci il fevralın 7-də Lənkərana gəldik... Qızılağaca gedərkən fevralın 11-də 4 dərin çaydan keçdik. Bunlar Kasiende, Nuabine, Cil və Boladi çayları idi".

Qeyd edək ki, uzunluğu 36 kilometr olan bu çay mənbəyini Brovar silsiləsindən götürməklə Boladi kəndinin ortasından keçir. Xəzər dənizinə tökülən bu çay əsasən yağış sularından qidalanır. Bol suyu, bol balığı olan bu çay həm də Boladi kəndinin yaranmasında və inkişafında başlıca amil olmuşdur.

1869-cu ilin məlumatına görə Boladi kəndi 62 evdən ibarət olmuşdur. Həmin vaxt burda 218 kişi, 189 qadın yaşamışdır. Kənddə böyük bir məscidin olması da, rəsmi sənəddə qeyd edilmişdir.

Bu kəndin tarixi daşlara yazılmış, həm də çox qədim kitabədir. Kəndin seyidoba yaşayış məhəlləsində qədim insanların istifadə etdikləri əl çapacağı, ox, nizə, tunc bıçaq, qılınc, saxsı qablar aşkar edilmişdir. Ayrı-ayrı sahələrdən Səfəvi dövrünə aid sikkələr, bəzək əşyaları tapılmışdır.

Bir neçə elmlər doktoru və elmlər namizədi olan bu kənddən 1941-45-ci il müharibəsində 156 nəfər öz həyatını qurban vermişdir.

Boladi kəndinin keçmişi, bu günü barədə daha ətraflı məlumatı lənkəranlı tədqiqatçılar İsabala Xankişiyev, Hacı Etibar Əhmədov "Boladi" kitabında yazmışlar. Bu yazıda da məhz həmin kitaba istinad edilmişdir.

Lənkəran

Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.



İqtisadi rayon   Lənkəran-Astara
Ərazi    1 539,4 km²
Əhali    212 915 nəfər
Əhali sıxlığı       138 nəfər/km²
Nəqliyyat vas. kodu     42
Telefon kodu    25
Poçt kodu (Mərkəzi PŞ)          AZ 4200
Yaşayış məntəqələrinin sayı      66
İcra başçısı       Taleh Azay oğlu Qaraşov

Etimologiyası

Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.

Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.

Ləngkəran farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.

Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.

Lənkəranın tarixi

Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.


27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.

Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah höküməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.

XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi. Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi. 1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı.

Lənkəran XIX əsrdə


XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.

Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.

Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80–ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.

Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.

Dörd tarixi bölgü

XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar, Sütəmurdov idi. Qala indiki B.Abbasov – MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.

Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili (qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.

Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).

Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvələrində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəranda memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.





İstinad: az.wikipedia.org